03.06.2021

Heç  kəs  unudulmur, heç nə  yaddan  çıxmır

İgid  ölər, adı  qalar. Bu  gün  44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olması uğrunda canından keçərək ən yüksək zirvə olan ŞƏHİDlik zirvəsinə ucalmış igidlərimizdən biri-Miriyev Sənan Arif oğlunu sizlərə tanıtmaq istərdim.

Sənan sinfin ən sakit,təmkinli şagirdlərindən biri idi. Dərin düşüncəsi,mənalı baxışları ilə digər yaşıdlarından fərqlənirdi.Ancaq o zaman heç kimin ağlına gəlməzdi ki,bir müddət keçəcək və Sənan bizim fəxr edəcəyimiz şagirdimiz olacaq. 1998-ci il martın birində dünyaya göz açdı.Valideyinləri böyük sevinclə ilk dəfə əlindən tutub məktəbə gətirərkən onunla bağlı nə qədər xəyallar qurmuş,xoşbəxt gələcəyinə ümid etmişdilər. Oxuduğu Xocalı şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə çağırılmış və sərhəd qoşunlarında xidmət etmişdir. Elə o vaxtdan da həyatını hərbiyə bağlamağa qərar vermişdi.2020-ci il sentyabr ayında ərizə yazaraq Azərbaycan ordusunda könüllü hərbi xidmət etmək  istəmiş və əks kəşfiyyat bölüyündə xidmətə başlamışdır.

Torpaqlarımızın azadlığı uğrunda 44 günlük müharibədə bir sıra qəhrəmanlıqlar göstərən Sənan 2020-ci il sentyabrın 27-də Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.Vətən uğrunda qəhrəmancasına şəhid olan Sənan Prezident İlham Əliyevin fərmanı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
İllər keçəcək,ancaq torpaqlarımız uğrunda canından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış igid oğullarımız öz qəhrəmanlıqları ilə ölümsüzləşərək daima xalqın,bizlərin qəlbində yaşayacaqlar.Ruhun şad olsun,şəhidim!Uğrunda canından keçdiyin torpaqlar bu gün artıq azaddır. Buna görə də həmişə sizlərə minnətdarıq.
Xocalı şəhər 4 saylı tam orta məktəbin müəllimi Zərifə Məmmədova.

 

 


Açar sözlər: ,  ,  ,